Azərbaycan Dövlət İqtisad Universitetində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kursları üzrə dərslərə başlanılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bununla əlaqədar universitetdə keçirilən təqdimat tədbirində iştirak edib.

Dövlət İqtisad Universitetində yaradılan “24/7 kitabxana”sı ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərən kitabxanadır. Kitabxana müasir proqram təminatı ilə təchiz edilib. Üçmərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına daxil olmaq mümkündür. Tələbələr Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər.

Dövlət İqtisad Universitetində distant Çin dili kursları üzrə dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə nəzərdə tutulub. Distant təhsil üzrə təlimlər ödənişlidir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan Elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd olaraq, sadə fikir mübadiləsi apara biləcəklər.

Tədbirdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantı oldu.

3 ay davam edəcək proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçiriləcək. Həyata keçirilən layihənin tərəfdaşı Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Xarici Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edirlər.